FDO

Fənlərin Dostluğu Olimpiadası

Olimpiadanın aktuallığı

Ümumiyyətlə, bütün yaradılmışlar həmişə dəyişməyə can atır. Təbiət də dəyişkən və rəngarəngdir.( FDO ) Həmçinin insan övladı da. Bu baxımdan inkişafda olan şagirdlərimiz də dəyişkənliyə, fərqliliyə daima ehtiyac duyur və maraq göstərirlər. Bunun üçün də elmi, biliyi şagirdə elə təqdim etmək lazımdır ki, şagird verilən informasiyadan bezməsin, iyrənməsin. Həmişə oxumağa maraqlı olsun. Elə bu səbəbdən bütün cəmiyyətdə olduğu kimi təhsildə də reformlara ehtiyac var və dövlətimiz, o cümlədən Elm və Təhsil Nazirliyi bu reformlara heç vaxt laqeyd olmur. Buna görə də fənlərin tədrisində fənlərarası əlaqənin inkişafına daha çox yer verilməsinə xüsusi diqqət yetirilir. Hamfreyzin fikrincə, inteqrativ öyrənmə şagirdlərin əsas mühitin müəyyən aspektlərini müxtəlif fənlərə aid olan biliklər vasitəsilə geniş araşdırmasıdır. Kurikulum lahiyəsinin məzmun standartlarında da, qiymətləndirmə standartlarında da fənlərarası inteqrasiyaya xeyli bəndlər ayrılıb. Həmçinin kurikulumun tətbiqinin əsas mahiyyəti ondan ibarətdir ki, yetişdirilən vətəndaş həyati bacarıqlara yiyələnsin. Həyati bacarıqların da yüksək səviyyədə olması üçün şagird bütün fənlərdən ilkin məlumata sahib olmalı, öyrəndiklərini tətbiq edə bilməlidir. Bu baxımdan təlim prosesində fənlərarası əlaqənin tətbiqi daha əhəmiyyətlidir. Şagirdin ətraf aləmi və özünüdərki düzgün əlaqələndirmə, müqayisə və nəticəçıxarmadan asılıdır. Fikrimizcə, fəndaxili, fənlərarası və çoxfənli inteqrasiya tədris prosesində qabardılması ən vacib faktorlardandır.

Bu gün dünyada elmin bütün sahələrində inteqrasiya prosesi gedir, bütün fənn kurikulumlarında inteqrativ yanaşma əsas təşkil edir. Bu yanaşmanın təbliğini şagirdlər arasında genişləndirmək məqsədilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş Fənlərin Dostluğu Olimpidasını təsis etdik.

Məqsəd
Fənlərin Dostluğu Olimpiadasının ( FDO ) əsas məqsədi: iştirakçıların intellektual düşünmə qabiliyyətlərini stimullaşdırmaq, bacarıqlı və istedadlı məktəblilərə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etmək, ümumtəhsil məktəblərində təhsil alan uşaqlarda yaradıcılıq qabiliyyətini, mədəniyyətini üzə çıxarmaq, məktəblilərdə tədris fənlərinin öyrədilməsində analitik düşüncə tərzini aşılamaqdan ibarətdir.

Məzmunu
Fənlərin Dostluğu Olimpiadasında suallar inteqrativ formada hazırlanır. Belə ki, bir sualın şərtində və cavab variantlarında 2-5 fənnin inteqrasiyası öz əksini tapır.