QRMBY

qoşqar müəllim

“Qoşqar – Riyaziyyat Və Məntiq” Bilik Yarışı

QRMBY – Vətən müharibəsi şəhidi Qoşqar Ömərovun xatirəsinə həsr edilən “Qoşqar – Riyaziyyat və Məntiq” bilik yarışmasıdır. Layihənin ideya müəllifi Hədəf Şirkətlər Qrupunun qurucusu, “Tərəqqi” medalı laureatı, ANAİB idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir. Müsabiqənin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidi Qoşqar Ömərovun xatirəsini əbədiləşdirməkdir. Yarışda 5-ci, 6-cı, 7-ci və 8-ci sinif şagirdləri iştirak edirlər. Şagirdlər 1 saat müddətində 30 sual cavablandırırlar. Hər sinif üzrə 15 sual məntiq, 15 sual riyaziyyat fənnindən təqdim olunur. Yarışda iştirak tamamilə ödənişsizdir.

Qeyd edək ki, şəhid müəllim(QRMBY) Qoşqar Səxavət oğlu Ömərov 1994-cü il fevralın 9-da Kürdəmir rayonu Şilyan (Qarasu) kəndində müəllim ailəsində anadan olub. 2015-ci ildə ADPU-nun Riyaziyyat-informatika müəllimliyi ixtisasının bakalavr pilləsini, 2018-ci ildə AZMİU-nun İnformasiya texnologiyaları ixtisası üzrə magistratura pilləsini bitirib.

2016-cı il “Hədəf Kursları” MMC-nin müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplayaraq pedaqoji fəaliyyətə başlayıb. 2018-ci ildə MİQ imtahanında 57 bal toplayaraq Masazır kənd 5 nömrəli məktəbdə riyaziyyat müəllimi kimi işə qəbul olunub.

2020-ci il sentyabrın 21-də çağırışla ordu sıralarına qoşulub, sentyabrın 27-də Füzuli cəbhəsində döyüşlərə qatılıb. Əməliyyat zamanı xüsusi fəallığı və igidliyi ilə seçilərək kəşfiyyat bölüyünə daxil edilib.

2020-ci il noyabrın 4-də Şuşanın Daşaltı kəndi ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Ali Baş Komandanın əmri ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.