TİO

Türk İnteqrasiya Olimpiadası (TİO)
TİO NƏDİR?
Türk İnteqrasiya Olimpiadası (TİO) türk dövlətləri və milli qurumları məktəblilərinin arasında keçirilən olimpiadadır!
Türk İnteqrasiya Olimpiadası türk xalqlarının “dildə, fikirdə, işdə birlik” şüarının fərqində olmalarını, gənclərin qardaş xalqların nümayəndələri ilə təhsil yolu ilə bütünləşməsini hədəf seçib.
TİO Fənlərin Dostluğu Olimpiadası əsasında yaradılıb. FDO 2009-cu ildən Hədəf Şirkətlər Qrupuna daxil olan “Hədəf Nəşrləri” tərəfindən təsis edilib. 12 buraxılışı baş tutan Fənlərin Dostluğu Olimpiadasında suallar inteqrativ formatda hazırlanır. Belə ki, bir sualın şərtində və cavab variantlarında 2-5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər bir sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq şəkildə türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi haqqında olacaq.
Olimpiadanın əsas 4 məqsədi var:
- Türk xalqlarının ortaq dil, əlifba və dərsliklərinin ideyasına dəstək;
- Türk dünyası orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;
- Türk xalqlarının yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;
- Türk xalqlarının “İşdə, dildə, əməldə” birliyinin fərqində olması və ortaq mədəniyyətə sahib olduqlarını əyani təqdim etməsi.
Olimpiadanın əhatə dairəsi:
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, QKTC, Tatarıstan, Krım, Qaraçaylar, Qaqauziya, Çuvaşıstan, Özbəkistan, Bolqarıstan, Başqırdıstan, Altay, Tuva, Saxa-Yakutiya, Xakasiya, Qərbi Trakiya, Uyğurstan, Güney Azərbaycan, Kərkük türkləri
Komandalar necə qurulmalıdır?
- Hər bir türkdilli ölkə və qurumdan 3 nəfərlik komanda;
- Hər komandaya bir qrup rəhbəri seçilir;
- TİO-da son qeydiyyat günü 13 yaşı tamam olmuş və 16-dan çox olmayan məktəblilər iştirak edə bilər.
Qarşılama və qonaqlama
Qarşılama, qonaqlama və yolasalma təşkilatçılar tərəfindən həyata keçirilir. Hər ölkədən yalnız bir komandanın (3 iştirakçı və 1 nümayəndə) qarşılama və qonaqlama xərcləri təşkilatçı tərəfindən ödənilir. İştirakçılar olimpiada boyunca yerləşdirilir. Səhər, günorta və axşam yeməkləri verilir, eyni zamanda tarixi abidələrə, turizm məkanlarına turlar keçirilir. Yarışın final mərhələsindən sonra Türk Dünyası Ortaq Mədəniyyət Festivalı təşkil edilir.
TİO 2 mərhələdə keçirilir:
- Qrup yarışları
Məlumatlar:
İştirakçı sayı 3 olmalıdır, 10 sualdan ibarətdir, hər sual 10 bal dəyərində qiymətləndirilir və imtahan müddəti 90 dəqiqədir.
- Fərdi yarışlar
Məlumatlar:
İştirakçı sayı 1 olmalıdır, 20 sualdan ibarətdir, qiymətləndirmə isə burada sualların çətinlik dərəcəsinə görə müəyyənləşdirilir. 5 asan sual – 4 bal, 10 orta sual – 5 bal, 5 çətin sual – 6 bal. Maksimal bal 100-dür. İmtahan müddəti 60 dəqiqə olur.
Mükafatlandırma:
- Bütün iştirakçılara ümumi məlumat, köynək, bloknot, yazı avadanlığından ibarət bel çantası verilir;
- Birinci, ikinci və üçüncü yerlərin mükafatlarının sayı 1:2:3 nisbətindədir;
- Üstün hesab edilən suallar üçün xüsusi mükafatlar verilir;
- Birinci, ikinci və üçüncü yer mükafatı almamış hər bir iştirakçı, orta bal topladığı təqdirdə “Fəxri Fərman” alır;
- Hər bir iştirakçı və müşahidəçi iştirak sertifikatı alır.