Türk İnteqrasiya Olimpiadasının finalçıları Bakının qonağı oldular!

Final mərhələsindən əvvəl iştirakçılar Bakı şəhərinin tarixi, mədəni və müasir siması ilə tanış olmaq fürsəti qazandılar. Türk dünyasının müxtəlif bölgələrindən gələn şagirdlər yalnız bir yarış üçün deyil, birlik və qardaşlıq üçün Bakıda bir araya gəldilər.
Gənclərimiz Bakının memarlığına heyranlıqla tamaşa etdilər. Həm qədim İçərişəhəri, həm də müasir Alov qüllələri kompleksini görərək şəhərin keçmişlə gələcəyi birləşdirən ruhunu yaşadılar.
Şəhidlər Xiyabanına səfər zamanı iştirakçılar Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş qəhrəmanların əziz xatirəsini ehtiramla yad etdilər. Bu səfər gənclərə azadlıq, birlik və qardaşlıq dəyərlərinin nə qədər qiymətli olduğunu bir daha xatırlatdı.
Daha sonra Türk Şəhidliyi, dənizkənarı bulvar, Qız Qalası, Heydər Əliyev Mərkəzi kimi mühüm ünvanlarda dayanan gənclər Bakı turunun yaddaqalan anlarını şəkillərlə, videolarla və yeni dostluqlarla yaddaşlarına həkk etdilər.
Finalçılar səfərdən sonra bildiriblər ki, Bakı onları təkcə gözəlliyi ilə deyil, həm də xalqımızın qonaqpərvərliyi və isti münasibəti ilə valeh etdi.
İndi isə bizi böyük gün – Türk İnteqrasiya Olimpiadasının final mərhələsi gözləyir! Qardaş xalqların övladları elm və birlik yolunda biliklərini bir daha sınayacaqlar.
Bakı sizi sevir türk dünyası!




