“Qoşqar – Riyaziyyat və Məntiq” yarışının imtahan mərhələsi təşkil olundu.
“Qoşqar – Riyaziyyat və Məntiq” yarışının imtahan mərhələsi təşkil olundu.
Martın 10-da Hədəf Kursları və Hədəf Globalın təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi, riyaziyyat müəllimi Qoşqar Ömərovun xatirəsinə həsr olunan “Qoşqar – Riyaziyyat və Məntiq” bilik yarışı keçirildi.
2022-ci ildə Hədəf Global tərəfindən təsis edilən yarışın builki buraxılışında Naxçıvan Muxtar Respublikasından 8 mərkəz və Bakı, Sumqayıt, Kürdəmir, Astara şəhərləri və Masazır qəsəbəsi mərkəz olmaqla 15-dən çox imtahan məntəqəsində 5200-dən çox şagird öz biliyini sınayıb. Yarışda orta ümumtəhsil məktəblərinin və liseylərin Azərbaycan bölməsində təhsil alan 5-6-7-8-ci sinif şagirdləri 60 dəqiqə ərzində onlara təqdim olunan 30 qapalı sualı cavablandırıblar. Suallar müvafiq olaraq 15 ədəd riyaziyyat, 15 ədəd məntiq fənlərini əhatə edib.
Mükafatlandırma mərasimində yarışın əsasnaməsinə uyğun olaraq hər sinif üzrə ilk 5 yerin qalibləri “Fəxri Fərman” və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Ödənişsiz təşkil olunan yarış təşkilatçılar və tərəfdaşların maliyyə dəstəyi ilə keçirilir.
Bu il Təşkilat Komitəsinin qərarı ilə Naxçıvan Muxtar Respublikasının bilik yarışında iştirak edən məktəbliləri ayrıca mükafatlandırılacaq.
Xatırladaq ki, “Qoşqar – Riyaziyyat və Məntiq” bilik yarışının builki buraxılışının tərəfdaşları Azərbaycan Memarlıq və İnşaat Universiteti, MÜSİAD Azərbaycan, Hədəf Şirkətlər Qrupu və Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası, sponsorları OYAL, kitabevim.az, SinKOD və Sınaq İmtahan Mərkəzidir.