Türk İnteqrasiya Olimpiadasının yerli mərhələsi keçirildi.

tio.edu.az xəbər verir ki, Hədəf Globalın təşkilatçılığı ilə 5 may tarixində keçirilən layihədə Bakı, Naxçıvan, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 13-16 yaşlı şagirdləri iştirak ediblər. İki mərhələdə keçirilməsi nəzərdə tutulan olimpiadanın yerli mərhələsində 1 saat müddətində 20 sual cavablandırılıb.
Türk İnteqrasiya Olimpiadası (TİO) türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında keçirilən olimpiadadır.
Türk İnteqrasiya Olimpiadası – Cənab Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, “Bizim ailəmiz Türk Dünyasıdır, başqa ailəmiz yoxdur!” şüarı ilə gənclərin qardaş xalqların nümayəndələri ilə təhsil yolu ilə birləşməyi hədəfləyib.
TİO Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. Bir sualın şərtində və cavab variantlarında 2 – 5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi haqqındadır.
Olimpiadanın dörd əsas məqsədi var:
- Türk xalqlarının ortaq dil, əlifba və dərslik ideyasına dəstək;
- Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;
- Türk xalqlarının yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;
- Türk xalqlarının “işdə, dildə, əməldə birliy”in fərqində olması və ortaq mədəniyyətə sahib olduqlarını əyani təqdim etməsi.
Olimpiadanın əhatə dairəsi – Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, QKTC, Tatarıstan, Qaraçaylar, Qaqauziya, Çuvaşıstan, Özbəkistan, Bolqarıstan, Başqırdıstan, Altay, Tuva, Saxa-Yakutiya, Xakasiya, Qərbi Trakiya, Kərkük türkləri.
Qeyd edək ki, olimpiadanın final mərhələsi 27 may tarixində Bakıda keçiriləcək. Finaldan sonra Türk Dünyası Ortaq Mədəniyyət Festivalı keçiriləcək.


